fbpx
Geri
“Gabala Hospitality Group”-a daxil olan şirkətlər BMT-nin “Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi Prinsipləri”-ni imzaladılar
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

Ölkənin turizm və qonaqpərvərlik sənayesinin ən böyük oyunçularından biri - “Gabala Hospitality Group”-a daxil olan şirkətlər, qrupun korporativ sosial məsuliyyət proqramı çərçivəsində yeni addım ataraq qlobal təşəbbüs olan “Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi (QSC) Prinsipləri”-ni imzalayıblar. Bu prinsiplər özəl sektordan olan müəssisələr üçün iş yerlərində, əmək bazarında və cəmiyyətdə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dair rəhbər rolunu oynayır. Təşəbbüs, BMT Qlobal Sazişi (UN Global Compact) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN WOMEN) tərəfindən 2010-cu ildə başladılmışdır. Azərbaycanda bu prinsiplər BMT-nin İnkişaf Proqramının "Cənubi Qafqazda Qadınların İq qtisadi Səlahiyyətlərinin Artırılması" layihəsi çərçivəsində özəl şirkətlər arasında təşviq edilir.

QSG prinsiplərini imzalayan şirkətlərin görüşündə iştirak edən “Gabala Hospitality Group” şirkətinin Baş İcraçı Direktoru Şəbnəm Fərman bu əlamətdar hadisə haqqında fikrini bildirərək qeyd etdi ki, “Bu gün biz, böyük qürur hissi ilə bu qlobal hərəkata üzv olmamızı ictimaiyyətə açıqlayırıq. Bizim üçün biznes fəaliyyətində ən əsas prioritetlərdən biri də davamlılıq və dayanıqlı inkişafdır. Qrupumuza daxil olan şirkətlərdə bütün fəaliyyətlər bərabər yanaşmaya, əmək qanunvericiliyinə uyğunluğa əsaslanır. Düşünürəm ki, bu qlobal təşəbbüsün tərkib hissəsi olan prinsiplər inklüziv yanaşmalarımıza daha da təkan verəcək. Azərbaycanda QSG prinsiplərini imzalayan ilk 31 şirkədən biri, qonaqpərvərlik sektorundan isə ilk şirkət olmağımız bizə xüsusi sevinc hissi bəxş edir. İnanıram ki, yaxın vaxtlarda bütün tərəfdaşlarımız, bizim sektorda fəaliyyət göstərən digər şirkətlər də bu layihəyə qoşulacaqlar.” “Gabala Hospitality Group”-a daxil olan şirkətlərin fəlsəfəsində güclü əməkdaşlar əsas yeri tutur. Bu qrupa daxil olan bütün şirkətlər bərabər iş imkanları vəd edir və əməkdaşlarının inkişafına xüsusi diqqət ayırır. Təsadüfi deyil ki, qrupun İdarə Heyətində xanım əməkdaşlar ən yüksək səviyyədə təmsil olunurlar və qərarvermə proseslərində önəmli rol oynayırlar.


Tədbirdə BMT-nin İnkişaf proqramının Azərbaycandakı Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Alessandra Roccosalvo, QSG prinsiplərini imzalayan şirkətlərin nümayəndələri, ekspertlər iştirak etdilər. “Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi gender bərabərliyinə nail olmaq və davamlı inkişafı təşviq etmək üçün vacibdir. Biz inanırıq ki, “Gabala Hospitality Group” QSG Prinsiplərinə qoşulmaqla, iqtisadi inkişafa, yoxsulluğun azaldılmasına və hamı üçün bərabər iş imkanlarının yaradılmasına töhfə verir.” – Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Layihə Meneceri Aygün Əhmədova bildirdi.


“Gabala Hospitality Group” şirkəti ölkənin ən böyük turizm menecementi şirkətlərindən biridir. Şirkətin portfelinə “Tufandağ Qış-Yay Turizm İstirahət Kompkleksi”, ilk milli beş ulduzlu hotellər şəbəkəsi olan “Qafqaz Hotels&Resorts”, “Gabaland” Əyləncə Parkı, peşəkar atıcılıq mərkəzi olan “Gabala Shooting Club” və ölkədə ilk və tək raftinq mərkəzi olan “Rafting Gabala” aiddir.