1 noyabr 2024-cü il tarixində “Gabala Hospitality Group” ənənəvi ağacəkmə aksiyasını həyata keçirdi. COP29 və Azərbaycanda elan olunmuş "Yaşıl dünya naminə həmrəylik ili"-nə həsr olunmuş bu ilki aksiyada “Gabala Hospitality Group”-un tərkibinə daxil olan bütün şirkətlərin əməkdaşları fəal şəkildə iştirak etdilər.
Aksiya çərçivəsində əkilən ağaclar, bölgənin ekosisteminə uyğun olan və yerli təbiəti zənginləşdirən fısdıq və vələs növlərindən seçilmişdir. Yaşıllaşdırma zonasında ətraf mühitə uyğun şəkildə təbiətin tarazlığını qorumağa xüsusi diqqət yetirilmişdir.
“Gabala Hospitality Group” turizm və qonaqpərvərlik sahələrində yüksək xidmət göstərməklə yanaşı, eyni zamanda korporativ sosial məsuliyyəti hər zamanda ön planda tutmağa çox əhəmiyyət göstərir. Ətraf mühiti qorumaq və gələcək nəsillər üçün yaşıl dünya yaratmaq Qrupun dayanıqlılıq siyasətinin mühim vəzifələrindən biridir.
Tədbirdə çıxış edən “Gabala Hospitality Group”-un Baş İcraçı Direktoru Şəbnəm Fərman aksiyanın əhəmiyyətini vurğulayaraq qeyd etmişdir: "Biz təbiətin bir parçasıyıq və məxsusi olaraq təbiətin qoynunda yaşadığımız üçün onun qayğısına hamıdan çox qalmalıyıq. Bu aksiya dayanıqlı gələcək naminə atılmış bir addımdır və işçilərimizin təbiətə bağlılığını gücləndirir."
“Gabala Hospitality Group” hər il ənənəvi olaraq həyata keçirdiyi ağacəkmə aksiyaları ilə ekoloji tarazlığı qorumağa və bölgədə yaşıl sahələrin genişləndirilməsinə töhfə verməyə davam edir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu aksiyalar, insanların təbiətə verdikləri dəyəri artırmaq və cəmiyyətdə ekoloji həssaslığın yüksəldilməsi məqsədini daşıyır.
“Gabala Hospitality Group” ölkənin ən böyük turizm menecementi şirkətlərindən biridir. Şirkətin portfelinə “Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi”, ilk milli beş ulduzlu hotellər şəbəkəsi olan “Qafqaz Hotels&Resorts”, “Gabaland” Əyləncə Mərkəzi, peşəkar atıcılıq mərkəzi olan “Qəbələ Atıcılıq Klubu” və ölkədə ilk və tək raftinq mərkəzi olan “Rafting Gabala” aiddir.